Uçan aviadaşıyıcı gəmilər yalnız “Doctor Who” və “Marvel”in “Avengers” filmlərinin ssenaristlərinin xəyal məhsulu deyildi. Bu konsepsiya Soyuq Müharibənin ən qızğın vaxtlarında ABŞ tərəfindən həqiqətən hazırlanmışdı. O dövrdə amerikalılar sovet rəqibləri ilə ayaqlaşmaq, hətta onları qabaqlamaq üçün daim radikal və qeyri-adi ideyalar axtarırdılar. “Lockheed Martin” şirkətinin CL-1201 layihəsi məhz o zaman ortaya çıxmışdı.
Qanad uzunluğu 1120 fut (təxminən 341 metr) olan “Lockheed CL-1201” layihəsi, tarixdə indiyə qədər dizayn edilmiş ən böyük təyyarə ola bilərdi. Və ən maraqlısı, bu təyyarə nüvə reaktoru ilə işləyəcəkdi.
Layihəyə görə, nüvə reaktorunun istehsal etdiyi istilik yüksək dərəcədə qızdırılmış hava axını yaradaraq mühərriklər üçün təkan qüvvəsi təmin edəcək və ənənəvi yanacağa ehtiyac qalmayacaqdı. Onsuz da belə ağır təyyarəni ənənəvi yanacaqla havaya qaldırmaq həddindən artıq bahalı və çətin olardı. Nüvə gücü sayəsində CL-1201 təyyarəsinin 41 gün fasiləsiz uçuş həyata keçirə biləcəyi nəzərdə tutulmuşdu. Ekipajın insan faktorları səbəbilə məhdudiyyətləri olmasaydı, təyyarə daha uzun müddət də havada qala bilərdi.
CL-1201 təyyarəsinin texniki xüsusiyyətləri
“Lockheed” şirkətinin planlarına görə, CL-1201 təyyarəsinin qanad uzunluğu 1120 fut (341 metr), gövdə uzunluğu isə 560 fut (170 metr) təşkil edəcəkdi. Təyyarə heyrətamiz həcmdə – 6000 tona qədər yükü daşıya biləcəkdi. Ekipaj sayı isə 400 ilə 845 nəfər arasında dəyişəcəkdi. Təyyarənin göyərtəsindən döyüş əməliyyatları üçün havaya qalxacaq təyyarələr arasında ABŞ-nin həmin dövrdə əsas çoxməqsədli döyüş təyyarəsi olan F-4 “Phantom II” təyyarələri nəzərdə tutulmuşdu. Ümumilikdə CL-1201 özündə 22-24 ədəd döyüş təyyarəsi daşıya biləcəkdi. Bu təyyarələrin bir qismi nəhəng qanadların altında yerləşdiriləcək, digər qismi isə daxili anqarlarda saxlanacaqdı.
CL-1201 layihəsinin əsas məqsədi ABŞ ordusuna dəniz və ya quru əsaslı hava qüvvələrinin fəaliyyət göstərə bilmədiyi bölgələrdə güc proyeksiyası həyata keçirmək imkanı vermək idi. Soyuq Müharibə dövründə amerikalılar daim sovetlərin kritik bölgələrdə qoşunların hərəkətinə mane olmasından narahat idilər. Belə bir qarşıdurma baş verərsə, CL-1201 təyyarəsi sovet blokadalarını yararaq qarşı tərəfə böyük zərbə endirmək potensialına malik olacaqdı.
Bu təyyarə həm də mobil komanda mərkəzi kimi xidmət göstərəcəkdi. 2012-ci ildə çəkilmiş “Marvel”in “Avengers” filmindəki “Helicarrier”ə vizual olaraq bənzəməsə də, strateji mühitə eyni təsiri göstərə biləcəkdi.
CL-1201-in istehsal edilməsi mühəndislik sahəsində inanılmaz bir uğur olardı və bu layihə Soyuq Müharibə dövrünün nə qədər qəribə və çılğın olduğunu göstərən bir nümunəyə çevrilərdi. Amma Vaşinqtonun bu təyyarəni gerçəkdən istehsal etmək fikri heç vaxt ciddi deyildi. Təyyarənin nüvə reaktoru ilə işləməsi böyük risklər yaradırdı; çünki hər hansı qəza və ya zədələnmə baş versəydi, təyyarə sanki nəhəng ölçüdə çirklənmə təhlükəsi yaradan kiçik bir nüvə bombasını xatırladardı. Bundan əlavə, belə bir təyyarənin istehsalı inanılmaz böyük xərc tələb edəcəkdi və uzunmüddətli texniki xidmət xərcləri də həddən artıq yüksək olardı.
Üstəlik, CL-1201 aerodinamik baxımdan effektiv şəkildə uçuş həyata keçirə bilməsi üçün xüsusi materiallar tələb edəcəkdi. 1960-cı illərdə, “Lockheed” mühəndislərinin ilk dəfə bu layihəni hazırladığı dövrdə belə materiallar mövcud deyildi. Bu nəhəng təyyarəni 41 gün havada saxlamaq üçün lazım olan mürəkkəb əməliyyatlar isə əlavə çətinliklər yaradırdı.
Keçmiş dövrün qeyri-adi təyyarəsi
CL-1201 layihəsi Soyuq Müharibə dövrünün aviasiya həvəskarları arasında məşhur layihələrdən biri olaraq qalır. Bu layihə Soyuq Müharibənin nə qədər təhlükəli olduğunu və həmin böyük ideoloji qarşıdurmanın strateji planlaşdırıcıları və mühəndisləri necə çılğın ideyalara sövq etdiyini nümayiş etdirir. Belə bir layihə hətta bugünkü yüksək texnologiyalar dövründə belə çox çətin olardı. 1960-cı illərdə isə bu, praktik olaraq mümkünsüz idi. Lakin hər halda, bu layihə həmin dövrdə amerikalıların nə qədər böyük xəyallar qurduğunu göstərir.
Hazırda ABŞ müdafiə sənayesi fundamental problemlər və böyük təzyiqlərlə üzləşdiyi bir dövrdə belə bir layihəni təklif etmək absurd görünərdi. CL-1201 layihəsi planlaşdırıldığı dövrdə bu təyyarənin həqiqətən istehsal edilə bilməsi ciddi şəkildə nəzərdən keçirilirdi. Bu gün belə bir layihə təklif edilsəydi, çox güman ki, ciddi qəbul edilməzdi və gülüş obyektinə çevrilərdi. Halbuki layihənin əsasını təşkil edən texnologiyaların bir çoxu artıq mövcuddur.
Dəyanət Ağalarlı
Ordu.az